Daşınmaz əmlak sığortası Azərbaycanda sığorta bazarının inkişafı üçün əsas vasitə ola bilər. “AzRe Təkrarsığorta” şirkətinin Müşahidə Şurasının sədri Fuad Quliyev belə hesab edir.
"Azərbaycanın sığorta bazarının böyük inkişaf potensialı var və əmlak sığortası bu inkişafın əsas drayveri ola bilər. Bizdə daşınmaz əmlakın icbari sığortası növü tətbiq olunsa da, penetrasiyası çox azdır. Buna görə nüfuzetmə səviyyəsini artırmaq üçün mexanizm lazımdır", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş beynəlxalq sığorta forumunda bildirib.
Eləcə də bax: "Əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir"
F.Quliyev qeyd edib ki, daşınmaz əmlakın sığortası növündə risklərin təkrar sığortası çox vacibdir.
"İndi biz bunun üzərində işləyirik və regionumuzda tez-tez baş verən zəlzələlərlə bağlı risklərin təkrar sığortalanması mexanizmini hazırlayırıq. Bu, həm də sığorta şirkətlərinin marağını artıracaq və onlar risklərin bir hissəsini təkrar sığortaçılara ötürə biləcək", - deyə sədr əlavə edib.