«Fitch Ratings» agentliyi «Azsığorta»nın maliyyə dayanıqlığı reytinqini «B» səviyyəsində təsdiqləyib, proqnoz «Sabit»dir.
FED.az xəbər verir ki, Agentliyin məlumatına görə, qiymətləndirmədə koronavirus pandemiyası və onun iqtisadiyyata təsiri də nəzərə alınıb.
Eləcə də bax: Fitch "AZSIĞORTA"nın - REYTİNQİNİ AÇIQLADI
Reytinqin bir daha təsdiqlənməsi «Azsığorta»nın kapitalının davamlı səviyyədə olduğunu göstərir. Bu göstərici FBM qiymətləndirilməsi baxımından «Adekvat» səviyyədədir. Amma bu faktoru 2 amil korlayır, bunlar - biznesin zəif portfeli və yüksək investisiya riskləridir.
Agentliyin qiymətləndirməsinə görə, reytinq «Azsığorta»nın portfelinin digər sığortaçılarla müqayisədə zəif olduğunu göstərir. Fitch qeyd edir ki, «bazardakı daha iri rəqiblərin təzyiqi səbəbindən «Azsığorta» bazarda öz payını hələ tapa bilməyib». Belə ki, 2019-cu ildə «Azsığorta»nın topladığı sığorta haqları əvvəlki illə müqayisədə 13% azalıb (2018-ci ilin özündə də 28% azalmışdı). Azalmanın səbəbi avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə azalmalar olub – şirkətin bazar payı 2%-ə düşüb, halbuki 2018-də 3% idi. Agentlik hesab edir ki, «Azsığorta» avtomobillərin icbari sığortası üzrə əsas satış kanalını itirib.
Fitch hesab edir ki, «Azsığorta» yüksək invetisiya risklərinə həssasdır. Bunun səbəbi odur ki, şirkətin depozitləri reytinqi ya «B» olan, ya da reytinqsiz yerli banklarda yerləşdirilib. 2019-cu ilin sonuna şirkətin vəsaitlərinin 62%-i banklarda, qalan hissəsi isə dövlət istiqrazlarında yerləşdirilib.
Agentlik bildirir ki, «Azsığorta»nın reytinqləri bəzi risklərə və dəyişikliklərə həssasdır, onlar da əsasən koronavirus pandemiyası və onun təsirləri ilə bağlıdır.