Xəbər verildiyi kimi, Azərbaycanda 2020-ci ildən etibarən mənzil və evlərin sığortalanmasına nəzarət artırılır.
Bununla əlaqədar olaraq FED.az ortaya çıxan ən aktual 11 suala aydınlıq gətirir.
Eləcə də bax: Evini sığorta edənlər – 4-5 DƏFƏ ARTIB - SIĞORTA ŞİRKƏTLƏRİNƏ AXIN BAŞLAYIB
1. Mənzil və evlərin sığortalanması üçün hansı məbləğdə sığorta haqqı ödənilməlidir?
Bakıdakı evlər və mənzillərin illik sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər rayon/şəhərlərdə 30 manatdır.
2. Hissə hissə ödəmək olarmı?
Sığorta haqqı birdəfəlik bütünlüklə ödənilməlidir.
3. İcbari sığopta nəyə zəmanət verir?
Bu sığorta yanğın, ildırım düşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri kimi hallardan sığortalayır.
4. İcbari sığorta hansı məbləğdə təminat verir?
Bakıda 25 min manat, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində 20 min manat, digər rayon/şəhərlərdə isə 15 min manat sığorta təminatı verilir.
54. İcbari sığorta evin və mənzillərin hansı hissələrinə dəyən zərəri qarşılayır?
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
6. İcbari sığorta il ərzində neçə hadisəyə zəmanət verir?
İcbari sığorta il ərzində (müqavilə müddətində) istənilən qədər sığorta hadisəsini qarşılayır.
7. Hansı halda evə və ya mənzilə dəyən zərərə görə ödəniş edilmir?
Ev və ya mənzil sahibinin hadisənin baş verməsi üçün qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və.s. qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması halları sığorta hadisəsi sayılmır və belə hallarda ödəniş edilmir.
8. Hadisə baş verəndə dəyən zərərin hamısını sığorta şirkəti ödəyir? (azad olma ilə bağlı)
Sığorta hadisəsi baş verəndə və ödəniş ediləndə azadolma məbləği nəzərə alınır. Sığorta şirkəti yalnız azadolma məbləğindən artıq hissəni ödəyir. Azadolma məbləği Bakıda 250 manat, Gəncə və Sümqayıtda 200 manat, digər rayon və şəhərlərdə isə 150 manatdır. Misal, tutaq ki, Bakıda hansısa mənzilə sübasma nəticəsində 600 manat zərər dəyib. Belə halda, 250 manat azad olma məbləği çıxılır (onu ev sahibi ödəyir), qalan 350 manatı sığorta şirkəti ödəyir.
8. Kupçası olmayan evləri sığortalamaq olarmı?
Mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı – kupçası olmayan mənzilləri də sığortalamaq mümkündür. Bunun üçün mülkiyyətçi mənzilə və ya evə sahiblik hüququnu təsdiqləməlidir. Yeni tikilən binalardakı mənzillər üçün alqı-satqı müqaviləsi və ya maliyyə arayışı, fərdi evlərdə isə yerli bələdiyyənin və ya icra qurumunun arayışı sığopta üçün yetərlidir.
9. Hansı evləri sığortalamaq olmaz?
Qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş (Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına sayılan), və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evləri sığortalana bilməz.
10. Hadisə baş verəndə onu təsdiqləmək üçün hansısa qurumdan arayış almaq lazımdır?
Bəli, hadisə baş verəndə, sığorta ödənişi almaq üçün müvafiq sənədlər təqdim edilməlidir və onlardan biri də hadisənin baş verdiyini təsdiqləmək üçün arayışlar ola bilər. Arayış hadisədən asılı rolaraq müxtəlif qurumlardan alınmalıdır. Məsələn, yanğınla bağlı arayışı Yanğından Mühafizə İdarəsi, subasma ilə bağlı arayışı yerli kommunal idarə (JEK), qasırğa və ya digər təbii fəlakətlərlə bağlı arayışı Ekologiya Nazirliyinin müvafiq qurumları verirlər.
Yeri gəlmişkən, İcbari sığortalar haqqında qanunun 17-ci maddəsində deyilir ki, sığorta şirkətləri hadisə ilə bağlı digər sənədlər də tələb edi bilərlər. Bəzi sığopta şirkətləri bundan sui-istifadə edərək artıq sənədlər tələb edir və ödənişləri ləngidirlər.
11. Mənzil və evlərin sığortalanmamasına görə cərimə nə qədərdir və hansı müddətdən bir təkrarlanır?
Sığortalamamağa görə, cərimə 30 manatdır və hər 20 gündən bir təkrarlanmalıdır.