"Ölkəmizdə əksər icbari sığorta növlərində sağlamlığa dəymiş ziyanlar üzrə sığorta ödənişləri nəzərdə tutulur. Lakin maraqlı hal ondan ibarətdir ki, daşınmaz əmlakın icbari sığortası zamanı vətəndaşın əmlakına dəymiş ziyan nəzərə alınır, həmin hadisə ilə bağlı vətəndaşın sağlamlığına dəymiş ziyan nəzərə alınmır".
FED.az xəbər verir ki, bunu sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib.
Eləcə də bax: Sığorta bazarı 2 dəfədən çox böyüyəcək - AÇIQLAMA
Ekspert qeyd edib ki, bununla bağlı bu fikir ilk dəfədir ki səslənir. Bu təkliflər aşağıdakı kimi ola bilər:
"1. Yanğın zamanı evdə olanların xəsarət və ölüm halı zamanı xəsarətin dərəcəsinə görə.
Bu hal eyni zamanda sığortalı və ya sığortasız hallara aid edilməlidir.
2. Dəm qazından zəhərlənmə və ya ölüm halı zamanı sağlamlığa dəymiş ziyan üzrə kompensasiya.
Qeyd etmək istərdim ki, icbari sığortanın mahiyyəti və tətbiqi mexanizminin təməl prinsipi vətəndaşların sağlamlığına dəymiş ziyanları müqavilənin olub olmamasından asılı olmayaraq qarşılamaqdır.(müqavilə olsa sığorta şirkəti, olmasa İSB) Əmlakın icbari sığortasında bu hal istisna edilir. Eyni zamanda vətəndaşların da bu növ sığortaya marağı azdır. Hesab edirəm ki, bu mexanizmin tətbiqi həm sosial dövlət baxımından dövlətin marağındadır, digər tərəfdən hər kəsin sığortalanmaq vəzifəsini şərtləndirən amillərə təkan vermək kimi başa düşülə bilər".