Azərbaycanda 2019-cu ildə təsis edilən “Buta Sığorta və Təkrarsığorta Brokeri”nin səhmdarı dəyişib.
FED.AZ-ın məlumatına görə, qiymətli kağızlar bazarında “Buta Sığorta və Təkrarsığorta Brokeri”nin alqı-satqısı üzrə əqd bağlanıb. Brokerin yeni sahibi və direktoru Abas Miskərli olub.
Qeyd edək ki, Abas Miskərli peşəkar karyerasına hələ tələbə olan zaman Beynəlxalq Sığorta Şirkətində satış departamentinin təcrübəçisi kimi başlayıb və 5 il ərzində Korporativ sığorta şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
2012-ci ildə fəaliyyətini “Alfa Sığorta” şirkətində Sığorta və təkrarsığorta departamentinin direktoru vəzifəsində davam etdirib. 2015-ci ildə “AzSığorta” şirkətinə Korporativ sığorta departamentinin direktoru vəzifəsinə təyinat alıb.
2019-2021-ci illərdə “A-Qroup” sığorta şirkətində İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Daha sonra sözügedən şirkətin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2023-cü ilə qədər bu vəzifədə çalışıb.
Onu da qeyd edək ki, Abas Miskərli 2017-сi ildə Seçim.az sığorta agentliyini təsis edib. İki il ərzində agentliyin könüllü sığorta növləri üzrə cəlb etdiyi illik sığorta haqları 750 000 manata çatıb.