“İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edilib.
Eləcə də bax: İcbari Tibbi Sığorta ödənişləri dəyişdi - YENİ QƏRAR
FED.az xəbər verir ki, dəyişikliyə əsasən dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.
Belə ki, sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.
İstehlak qiymətləri dedikdə inflyasiya səviyyəsi nəzərdə tutulur və bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən hər il üçün elan olunur. Beləliklə sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat və 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun artım nəzərə alınmaqla, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat və 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun artım nəzərə alınmaqla hesablanacaqdır. Misal üçün, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2 faiz təşkil edərsə, 2021-ci ilin yanvar ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 91 manat 80 qəpik (90 manat + 90 manat x 2%), 2021-ci ilin aprel ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 68 manat 85 qəpik (67,5 manat + 67,5 manat x 2%) təşkil edəcəkdir.
Məlumat üçün bildirək ki, 2019-cu il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2,6 faiz təşkil etmişdir.
Qeyd edək ki, birinci mərhələdə icbari tibbi sığorta cari ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.
Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.