"Sığorta sistemi olduqca ictimailəşmiş bir sektordur, bəlkə də, sığorta qədər ictimailəşmiş ikinci bir sektor yoxdur".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda çıxışı zamanı deyib.
Azər Əmiraslanov qeyd edib ki, çünki həm bu bazar iştirakçılarının rəngarəngliyi, həm də vətəndaşların bu prosesə geniş şəkildə cəlb olunması fəaliyyət dairəsinin miqyasını göstərir və bu fikri söyləməyə tam əsas verir.
"Forumun gündəliyində sığorta təkcə maliyyə bazarının bir seqmenti və ya elementi kimi təqdim olunmur. Gündəliyə icbari tibbi sığorta sistemi, digər tərəfdən isə pensiya və sosial müdafiə sistemi daxil edilib. Yəni, müzakirə olunan mövzular olduqca geniş bir əhatə dairəsinə malikdir. Forumun proqramı da sübut edir ki, biz sığorta sistemini həddindən artıq ictimailəşmiş bir sektor olaraq qəbul etməliyik", - deyə millət vəkili qeyd edib.
















