2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 56 milyon 110.9 min manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 58.9% və ya 20 milyon 790.4 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında 35 milyon 320.5 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 2 milyon 177.7 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4 dəfə və ya 1 milyon 639.2 min manat çoxdur. Ötən ilin ilk 6 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 538.5 min manata bərabər olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 2.6 dəfə artırıb. Belə ki, ötən ilin ilk 6 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 1.5 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 6 ayında bu rəqəm 3.9 manata yüksəlib. (Apa)