Yaxın ölkələrin ərazilərinə səyahət edən vətəndaşlar əksər hallarda öz avtonəqliyyat vasitələri ilə səfərə yollanırlar. Bu zaman gedəcəkləri ölkədə onların sürücü kimi mülki məsuliyyətinin sığortalanması məsələsi ön plana çıxır. Bununla bağlı olaraq isə, Azərbaycanın ötən ilin əvvəlindən etibarən qoşulduğu “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində xaricə səyahət edən azərbaycanlı sürücülərin bu sistemə üzv olan digər ölkələrin ərazisində mülki məsuliyyətinin sığortası təmin olunur.
İcbari Sığorta Bürosundan Fed.az-a verilən məlumata görə, Azərbaycan “Yaşıl Kart” sisteminə qoşulandan bəri buradan Yaşıl Kartı ilə xarici ölkələrə səyahət edən vətəndaşlar tərəfindən 160 sığorta hadisəsi törədilib. Bunlardan 28-i ötən il, 132-i isə cari ildə qeydə alınıb.
160 sığorta hadisəsi üzrə 204 min manat
Ötən il baş vermiş hadisələrdən 15-nin tənzimlənməsi Azərbaycanın Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosu tərəfindən başa çatdırılıb və həmin hadisələr üzrə 47 min 148 manat, bu il ərzində isə 56 sığorta hadisəsi üzrə 157 min 258 manat sığorta ödənişləri verilib. Həmin yol-nəqliyyat hadisələri, əsasən, Türkiyə və Rusiya ərazilərində baş verib. Qeyd olunur ki, İran, Polşa, Çexiya və Niderland ərazilərində də sığorta hadisələri qeydə alınır.
Azərbaycan Yaşıl Kartı sahibinin təqsiri üzündən 17 min manat sığorta ödənişi
İSB-dən bildirdilər ki, indiyədək Azərbaycan Yaşıl Kart sahibinin təqsiri üzündən baş vermiş və ən böyük sığorta ödənişi verilmiş sığorta hadisəsi 2016-cı ilin dekabr ayında Türkiyənin Samsun şəhərində qeydə alınıb. Belə ki, Azərbaycan Yaşıl Kart sahibinin təqsiri üzündən baş vermiş hadisə nəticəsində qarşı tərəfin əmlakına (avtonəqliyyat vasitəsinə) dəymiş ziyana görə qarşı tərəfə 17 min 625 manat məbləğində sığorta ödənişi edilib.
Əcnəbi Yaşıl Kartları ilə Azərbaycana gələnlər bu qədər qəza törədib
İndiyədək Azərbaycan ərazisində əcnəbi Yaşıl Kart sahiblərinin təqsiri üzündən 33 sığorta hadisəsi qeydə alınıb. Həmin yol-nəqliyyat hadisələri paytaxtda və Quba-Xaçmaz iqtisadi rayonu ərazisində qeydə alınıb. Əcnəbi Yaşıl Kartları ilə Azərbaycan ərazisində sığorta hadisəsi törətmiş şəxslər arasında isə Rusiya və Ukrayna vətəndaşları üstünlük təşkil edir.
Məlumat üçün bildirək ki, səfərə çıxmazdan öncə vətəndaşlar İcbari Sığorta Bürosunun müvafiq reyestrinə daxil edilmiş sığorta şirkətlərinə müraciət edərək “Yaşıl Kart” sığortasını – Azərbaycan Yaşıl Kartını əldə edə bilərlər. “Yaşıl Kart” sisteminə daxil olan ölkələrə səfər edən sürücülər Azərbaycanı tərk edərkən sərhəddə gömrük orqanları tərəfindən müvafiq “Yaşıl Kart” sığortasının olub-olmaması ilə bağlı yoxlanışdan keçir. Əgər sığorta öncədən əldə edilməyibsə, bu halda onu yerindəcə, orada fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndəliklərindən əldə etmək lazım gələcək. Bu baxımdan, eləcə də sərhəddə vaxt itirməmək üçün “Yaşıl Kart” sığortasını öncədən əldə etmək mümkündür.
Qeyd edək ki, dünyanın 48 ölkəsi “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə daxildir. Artıq ötən ilin əvvəlindən, “Yaşıl Kart” sistemi ölkələrinə səfər edən azərbaycanlı Yaşıl Kartı sahibləri də öz səfərlərini sığortalı şəkildə həyata keçirirlər.
Bu hadisəyə görə 17 min manatdan çox sığorta ödənişi oldu – “YAŞIL KART” HESABATI
14:45
7 Noy 2017