“Azsığorta” şirkəti 2017-ci ilin yanvar-sentyabr ayları ərzində fəaliyyət göstəriciləri üzrə artıma nail olub. Belə ki, şirkətin bu ilin üç rübü ərzində topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksələrək 18,8 milyon manat, ümumi sığorta ödənişlərinin həcmi 16% artaraq 6,7 milyon manat, könüllü sığortalar üzrə ödənişlərinin həcmi isə 17% artaraq 1,7 milyon manat təşkil edib. Bu barədə “Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev deyib. O bildirib ki, cari ilin 3 rübü ərzində şirkətin əmlak sığortası növü üzrə topladığı sığorta haqları 2% artaraq 2,8 milyon manat, icbari sığorta haqları isə 22% artaraq 15,3 milyon manata çatıb:“Hal-hazırda sığorta sektorunda böhrana baxmayaraq, biz daim gəlirlərimizi artırmağa və bazarda lider mövqeyimizi qoruyub saxlamağa davam edirik”.
V.Maniyev əlavə edib ki, bu ilin 9 ayı üzrə nəticələrə əsasən, ayrı-ayrı sığorta növləri üzrə ödənişlərdə də 2016-cı ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Belə ki, icbari sığortalar üzrə ödənişlərin həcmi 16% artaraq 5 milyon manat, o cümlədən əmlak sığortası növü üzrə ödənişlərin həcmi 105% artaraq 1,3 milyon manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanın aparıcı sığorta şirkətlərində biri olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir və ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.