Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.
"Bakı Sığorta" yeni müqavilələrin bağlanmasını - DAYANDIRDI - YENİLƏNİB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.
Xatırladaq ki, bir qədər əvvəl “Bakı Sığorta” şirkəti müştərilərlə yeni müqavilələrin bağlanması prosesini dayandırıb.
FED.az -a şirkətdən bildirilmişdi ki, artıq bir neçə müddətdir ki, “Bakı Sığorta” şirkəti müştərilərlə həm icbari, həm də könüllü sığorta növləri üzrə yeni sığorta müqavilələri bağlamır. Şirkət müqavilələrin hansı səbədən dayandırıldığı barədə məlumat verməyib.
Qeyd edək ki, 10 oktyabr 2024-cü il saat 11:00-da "Bakı Sığorta" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyi, o cümlədən iclasda müzakirə ediləcək məsələlər ictimaiyyətə açıqlanmayıb. Yəqin ki, qeyd olnuan tarixdə keçiriləcək iclasda səhmadarlar şirkətin taleyi ilə bağlı qərar verəcəklər.
Xatırladaq ki, son iki ildə şirkət əməkdaşlarının yarısını ixtisar edib, son dövrlər bu proses daha da sürətlənib. Nəticədə son bir ildə şirkətin işçilərinin sayı 2 dəfə aşağı düşüb. Belə ki, 1 il əvvəl - 2023-cü ilin iyununda «Bakı Sığorta»da 101 nəfər çalışdığı halda, hazırda bu rəqəm 51 nəfərə enib. Şirkətin işçilərinin sayı hər rüb azalıb. Belə ki, 2022-ci ilin ortalarında (yəni 2-ci rübün sonuna) şirkətdə 122 nəfər çalışdığı halda, 3-cü rübdə bu rəqəm 119 nəfərə, ilin sonunda isə 110 nəfərə düşüb.
2023-cü ildə azalma davam edib – 1-ci rübün sonunda işçilərin sayı 105, 2-ci rübdə 101, 3-cü rübdə 88 nəfərə, ilin sonunda isə 83 nəfərə enib.
2024-cü ildə də «Bakı Sığorta»nın əməkdaşlarının azalması prosesi dayanmayıb – şirkətin işçiləri 1-ci rübü sonunda 69 nəfərə, 2-ci rübü sonunda 51 nəfərə enib.
Qeyd edək ki, bir müddət əvvəl şirkətin İdarə Heyətinin sədri Ramin Məmmədov tutduğu vəzifədən azad edilib. R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,3157%) və “Ekolizinq” MMC-dir (6,6843%).