Azərbaycanın sığorta şirkəti olan «Bakı sığorta» 2019-cu ili mənfəətlə başa vurub.
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 2 milyon 85,6 min manat, cəmi xərcləri 1 milyon 789,3 min manat təşkil edir.
Ötən il «Bakı sığorta» sığorta haqqı kimi 1 milyon 210,4 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 813,9 min manat isə investisiya fəaliyyətindən, 143,9 min manat subroqasiya gəlirlərindən, 65,9 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 148,5 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib.
Ötən il şirkət 478 min manat sığorta ödənişi edib. 2019-cu ildə «Bakı sığorta» işlərin aparılması xərcləri 1 milyon 261,7 min manat, sair xərcləri 49,6 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 296,4 min manat olub. Şirkət 59,3 min manat mənfəət vergisi ödəyib və xalis mənfəəti 237,1 min manat olub.
«Bakı sığorta»nın cəmi aktivləri 10 milyon 924 min manat, cəmi öhdəlikləri 1 milyon 408,8 min manat, cəmi kapitalı 9 milyon 515,1 min manatdır.
Qeyd edək ki, 2018-ci ildə “Bakı sığorta” 418 min manat maliyyə mənfəətindən 83,6 min manat mənfəət vergisi ödəmişdi. Şirkətin 2018-ci il üzə xalis mənfəəti 334,4 min manat olub.
Şirkətin xalis mənfəəti 2018-ci il ilə müqayisədə 100,3 min manat və ya 30% azalıb.