AZSIĞORTA şirkəti mənsub olduğu Gilan Holdinqin sığorta ödənişinə görə, məhkəməyə verilməsinə münasibətini bildirib.
Xatırladaq ki, 19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı, 11-BC-626 d.q.n-lı avtonəqliyyat vasitəsi “AZSIĞORTA” ASC-də mülki məsuliyyəti sığortalanmış sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9 426 (doqquz min dörd yüz iyirmi altı) manat məbləğində zədələnmişdir.
Hadisə ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfində müvafiq yoxlama aparılmış, toplanmış materialların surəti, o cümlədən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən digər sənədlər “AZSIĞORTA” ASC-yə təqdim olunub.
Lakin bunlara baxmayaraq, “AZSIĞORTA” ASC zərərçəkmişlə ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərərini vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişinin mümkün olan ən tez müddət ərzində ödəməmişdir.
O cümlədən vətəndaş, “AZSIĞORTA” ASC tərəfindən lüzumsuz olaraq dəfələrlə bölgədən Bakı şəhəri çağırılmış və üzləşdiyi haqsızlıqlarla bağlı rəhbər şəxlərlə görüşə bilməmişdir.
Bununla bağlı vətəndaş “AZSIĞORTA” ASC-ni və “UNITED ENTERPRISES AZƏRBAYCAN" MMC (“Gilan Holding” Şirkətlər Qrupu) ni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.
“AZSIĞORTA” şirkəti yaranmış məsələ ilə bağlı açıqlama yayıb. Məlumat qeyd olunur ki, cari ilin mart ayının 19-da İmişli rayon ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZSIĞORTA ASC-də sığortalanmış “11-BC-626” dövlət nəqliyyat nişanlı avtomobil hadisə zamanı 1990-cı il istehsalı KAMAZ markalı avtomobilin sol ön hissəsi ilə toqquşub.
2019-cu ilin iyun ayında sorğumuza cavab olaraq müvafiq dövlət orqanı tərəfindən sənədlər daxil olub.
Qiymətləndirmə üzrə ekspert tərəfindən aparılan yoxlama sonunda hesablanmış zərərin məbləği zərərçəkənə bildirilib. Zərərçəkən bu zərərin az olmasını iddia edərək təqdim edilən məbləğ ilə razılaşmayıb.
Zərərçəkən tərəfindən KAMAZ markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin 11334 (on bir min üç yüz otuz dörd) manat olduğu bildirilən əlyazma ilə qeyd olunmuş 2 vərəq təqdim olunub.
Sığorta qanunvericiliyinə əsasən zərərçəkənə nəqliyyat vasitəsinin “AZSIĞORTA” ASC tərəfindən təmir edilməsi təklif olunduqda isə avtomobilin artıq təmir edildiyi bildirilib.
Qeyd edək ki, AR Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
Zərərçəkənə qanunvericiliyin müddəaları bildirildikdə, o istənilən halda 5000 (beş min) manat alacağını bildirib.
Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
Eyni zamanda bildirmək istərdik ki, “United Enterprises Azerbaijan” MMC həmin reyestrə daxil edilməmiş, həmçinin şirkət ilə “AZSIĞORTA” ASC arasında bu növ xidmətlərin göstərilməsi haqqında müqavilə mövcud deyil