AZSIĞORTA “Fitch Ratings”lə əməkdaşlığı dayandırır
Eləcə də bax: “Azsığorta” xərclərə qənaət edərək - MƏNFƏƏTİNİ 36% ARTIRIB
FED.az xəbər verir ki, AZSIĞORTA ASC “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.
Bütün dünyada, eləcə də ölkəmizdə yayılmış COVİD-19 virusu iqtisadiyyatın bir çox sahələrinə olduğu kimi sığorta sektoruna da təsir göstərməkdədir. Qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar və iqtisadi böhranın labüdlüyü şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaldır. Bu kimi amillərlə yanaşı, xərclərin optimallaşdırılması, ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə AZSIĞORTA ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.
20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malik olan AZSIĞORTA ölkədə beynəlxalq reytinqli iki sığorta şirkətindən biri idi. Xatırladaq ki, daha öncə, bu ilin may ayında “Fitch Ratings” şirkətin maliyyə gücünü “B” səviyyəsində, proqnozunu isə Stabil olaraq təsdiq etmişdi.
Qeyd edək ki, tətbiq olunan izolyasiya qaydaları və karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir. Cari ilin birinci yarımilliyi üzrə nəticələrinə əsasən AZSIĞORTA-nın xalis mənfəəti 1,24 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur.