“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək və sığorta ödənişlərini həyata keçirən şirkətin “Azərbaycan Sənaye Sığorta” ASC-dir.
Eləcə də bax: “Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi ilə bağlı - İLK RƏQƏM AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, sənaye parkının əmlak və orada olan mallar Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən sığortalanıb, ödənişləri sığorta şirkəti tərəfindən həyata keçiriləcək.
Şirkətdən isə sığorta hadisəsinə görə hansı məbləğdə ödəniş həyata keçirəcəyini hələ ki, açıqlanmır. Bununla bağlı hesablamalar aparılır.
Azərsun Sənaye Parkına dəymiş ziyanla bağlı detallar məlum olub:
Yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.
Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə 10 milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.
1 yanvar 2022-ci il tarixinə olan göstəricilərə görə, Azərbaycan Sənaye Sığorta 11 milyon kapitala sahib olan şirkətdir. Onun hazırda aktivlərinin həcmi 21.12 mln. manat, öhdəlikləri 7.08 mln. manat və cəmi kapitalı isə 14.04 mln. manatdır. Şirkətin səhmlərinin 95%-i Anadolu Investment Kompani və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsudur.
Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.