Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və aparıcı sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti sığorta bazarının daha da inkişaf etməsi üçün işgüzar səfərlərinə davam edir.
FED.az xəbər verir ki, bu məqsədlə edilən növbəti səfər qardaş ölkə Türkiyə Cumhuriyyətinə olmuşdur.
Qeyd edək ki, sözügedən səfərdə “Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri, ASA-nın ekspert qrupunun üzvü Ceyhun Qurbanlı da iştirak etmişdir.
Səfər çərçivəsində Türkiyədə sığorta bazarında söz sahibi olan qurumlarla müxtəlif görüşlər keçirilmişdir. Bir neçə gün davam edən səfərdə “Türkiyə Sığorta Birliyi – TSB”, “Sığorta Bilgi və Müşahidə Mərkəzi - SBM”, “Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi – SEDDK”, “Türkiyə Palatalar və Birjalar Birliyi - TOBB”, həmçinin Türkiyənin aparıcı sığorta şirkətləri olan “Anadolu Sığorta” və “QUİCK Sığorta” şirkətlərinin rəhbər işçiləri ilə görüşlər keçirildi. Keçirilən görüşlərin məqsədi ölkəmizdə inkişaf etməkdə olan sığorta bazarının daha da optimallaşması və vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində addımların atılmasıdır.
Səfər zamanı adları çəkilən qurumlarla yanaşı “Audatex” qiymətləndirmə sisteminin Yaxın Şərq, Şimali Afrika, Türkiyə və Azərbaycan üzrə direktoru ilə də görüş keçirilmiş, mövzu üzrə müvafiq müzakirələr aparılmışdır.