Azərsığorta Dövlət Kommersiya şirkəti daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi verməməkdə ittiham olunur.
FED.az xəbər verir ki, söhbət 2017-ci ildə Masallının Ərkivan kəndindəki fərdi evə dəyən zərərdən gedir.
Eləcə də bax: İcbari Sığortada sui-istifadə hallarının - QARŞISI ALINIR
Sığortalının hüquqlarını qoruyan sığorta mütəxəssisi İlkin İbrahimovun sözlərinə görə, AzərSığorta 2017-ci ildə baş vermiş yanğın hadisəsi ilə hələ də ödəniş etməyib.
Sözügedən ev Fəttahlı Ladən Ağa qızına məxsusdur. Düz iki il əvvəl, 01.10.2017-ci il tarixində əmlak alqı-satqı edilən zaman Fəttahlı Ladən Ağa qızı özünün yaxın qohumu Məmmədov Rüfət Əlican oğluna etibarnamə verərək əmlakla bağlı alqı-satqı işlərini və digər təmsilçiliklərlə bağlı işlərini ona həvalə edib.
Notariat kontorunda əməliyyat zamanı daşınmaz əmlakın sığortasının məcburi olmasını bildirilib və göstərilərən sığorta şahadətnaməsi tərtib edilib. 22.10.2017-ci il tarixində də həmin ev AzərSığorta tərəfindən sığortalanıb.
02.12.2017-ci il tarixində isə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən həmin evdə yanğın baş verib. Nəticədə evə 18 min manat dəyərində zərər dəyib. Qanuna görə, bölgələrdə icbari sığorta haqqı 30 manat, onun çərçivəsində ödəniləcək maksimum məbləğ 15 min manatdır. 250 manatı azadolma məbləği olaraq çıxılıb və indi sığorta şirkəti evin sahibinə dəymiş zərərə görə, şirkət 14 min 750 manat sığorta ödənişi etməlidir.
İlkin İbrahimovun sözlərinə görə, FHN-in istintaq materiallarının da tədqimatından sonra da sığorta şirkəti vətəndaşa əsassız olaraq şifahi şəkildə izah edilib ki, ona sığorta ödənişi düşmür.
Sığorta şirkəti ödəniş etməməsini onunla əsaslandırır ki, guya Ladən Fəttahlının etibarnamə verdiyi qohumu Rüfət Məmmədov haqqında danışılan evi deyil, tamamilə fərqli ünvanda yerləşən öz evini sığortalayıb. Amma qarşı tərəf bununla razılaşmır. İlkin İbrahimovun sözlərinə görə, Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin üstündə məhz yanan evin “kupça”sının nömrəsi yazılıb. Hüquqşünasın sözlərinə görə, hətta sığorta şirkəti iddianı geri götürmək üçün zərər çəkən tərəfə bir neçə dəfə 1-2 min manat pul da təklif edib. Amma qarşı tərəf sığorta ödənişini tələb etməkdədir.
Hadisə ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. Palata 11.10.2018-ci il tarixində vətəndaşa məktub göndərib. Məktubda qeyd olunub ki, sığorta ödənişi ilə bağlı AzərSığortaya göstəriş verilib. Lakin «AzərSığorta» bundan sonra da vətəndaşa heç bir cavab verməyib .
İlkin İbrahimov bildirir ki, AzərSığorta məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da yalnış məlumat göndərib. Palataya göndərilən məlumatda da qeyd olunur ki, başqa ev sığortalanıb.
Məsələ ilə bağlı «AzərSığorta» Kommersiya şirkətindən FED.az-a da bildirilib ki, sözügedən sığortalanmış daşınmaz əmlak Fəttahlı Ladən Ağaqızının deyil, Məmmədov Rüfət Əlican oğlunundur. Yəni sığorta olunan ev yanan ev deyil. Həmçinin da o da bildirilib ki, şikayətçi tərəf Azərsığortanı Bakı şəhəri Binəqədi rayon məhkəməsinə verib. Hazırda işlə bağlı araşdırma aparılır.