100 ildən çox tarixə malik olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-aprel ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin mətbuat katibliyindən FED.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 8,470 mln. manat olub.
Qeyd edək ki, cari ilin yanvar ayından etibarən sığorta ödənişlərinin verilməsində artan tendensiya müşahidə olunur. Belə ki, yanvar ayı ilə müqayisədə aprel ayında verilən sığorta ödənişlərinin həcmi 6,474 mln. manat və ya 4,2 dəfə artaraq 8,470 mln. manat təşkil edib.
Bununla yanaşı, qeyd olunan dövrdə sığorta ödənişi alan müştərilərin sayında da artım müşahidə olunub. Cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, aprel ayında bu rəqəm 518 nəfər və ya 29,2% artaraq 2290 nəfərə çatıb.
Ümumilikdə, cari ilin yanvar-aprel ayında “Azərsığorta” şirkəti tərəfindən 8271 müştəriyə sığorta ödənişi verilmişdir.
Qeyd edək ki, cari ilin yanvar-aprel ayları üzrə AR Mərkəzi Bankın açıqladığı hesabata əsasən, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti ödənişlərin həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.