Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Azərsığorta» Dövlət Şirkəti 2021-ci ilin hesabatını açıqlayıb. FED.az xəbər verir ki, ötən il «Azərsığorta»nın əməliyyat gəlirləri 85 milyon 952 min manat olub. Bunun böyük hissəsi – 54,1 milyon manatı toplanan sığorta haqlarından daxil olub. 31,8 milyon manat isə sığorta ödənişlərində təkrar sığortadan alınan hissədir.
Əvəzində 2021-ci ildə «Azərsığorta» xalis sığorta ehtiyatlarının dəyişməsinə 27 milyon 354 min manat ayırıb.
Nəticədə şirkətin cəmi gəlirləri 59,1 milyon manat təşkil edib.
Şirkətin xərcləri isə daha yüksək olub – 2021-ci ildə «Azərsığorta»nın cəmi xərcləri 73,4 milyon manat olub. Bunun təqribən 60 milyon manatı sığorta ödənişlərinin, 13,3 milyon manat isə işlərin aparılmasının payına düşüb.
Nəticədə il ərzində şirkətin xalis zərəri 14,3 milyon manat olub.
2021-ci ildə «Azərsığorta»nın aktivləri 49,2 milyon manat, öhdəlikləri 45,4 milyon manat təşkil edib. Şirkətin kapitalı isə 3,8 milyon manat təşkil edib.
Qeyd edək ki, bu göstərici «Azərsığorta»nın 2021-ci ildəki fəaliyyətinin nəticəsidir. Bir qədər əvvəl şirkətin rəhbərliyi və idarə etmə komandası dəyişib, burada islahatlar başlayıb. Bu mənada 2022-ci ildə «Azərsığorta»nın göstəricilərinin fərqli olacağı gözlənilir.