Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 48 milyon 74 min manata yüksəlib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 119 milyon 964 min manat və ya 12,9% artım deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə sığorta yığımları 928 milyon 110 min manat təşkil etmişdi.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603 milyon 414 min manat təşkil edib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 105 milyon 69 min manat və ya 21,1% artıb. Ötən ilin müvafiq dövründə bu göstərici 498 milyon 345 min manat olmuşdu.
Nəticədə, sığorta bazarının ümumi zərərlilik göstəricisi ötən ilin eyni dövründəki 53,7%-dən bu il 57,6%-ə yüksəlib.