Azərbaycanın icbari sığorta bazarında 2025-ci ilin ilk altı ayında yığımlarda mülayim, ödənişlərdə isə daha ciddi artım müşahidə olunub ki, bu da yekunda zərərlilik göstəricisinin artmasına səbəb olub.
FED.az Mərkəzi Bankın məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ilin ilk yarısında icbari sığorta növləri üzrə 194 milyon 683 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 585 min manat (5.8%) çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında bu göstərici 184 milyon 98 min manat təşkil etmişdi.
Bu dövr ərzində icbari sığorta üzrə ödənişlər isə 68 milyon 325 min manata bərabər olub. Bu, illik müqayisədə 6 milyon 992 min manatlıq (11.4%) artım deməkdir. Əvvəlki ilin eyni dövründə 61 milyon 333 min manat sığorta ödənişi edilmişdi.
Könüllü bazarda olduğu kimi, icbari sığortada da ödənişlərin artım tempi (11.4%) yığımların artım tempini (5.8%) üstələyib. Bu amil zərərlilik göstəricisinin yüksəlməsinə səbəb olub. Nəticədə, icbari sığorta üzrə ümumi zərərlilik son bir ildə 1.8 faiz bəndi artaraq 33.3%-dən 35.1%-ə çatıb.