İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan məcburi köçkünlərin ümumi sayı 256 401 nəfər təşkil edib.
Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılmış və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb.
Həmçinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilmişdir. Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artmışdır.
Həyata keçirilmiş cəmi əməliyyatların sayı 8274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilmişdir.
Eləcə də bax: Azərbaycan banklarının dolları Gürcüstana necə "ayaq açır"?
Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalmış və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılmışdır. Belə ki, 2016-cı il ilə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enmişdir.
Pilot layihənin həyata keçirildiyi müddətdə xidmətə görə ödəniş mexanizminin əsası qoyulmuş, işçilərin əmək haqları artırılmış və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilmişdir.
Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.
2017-ci il ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat vəsait sərf edilmişdir ki, bunlardan 21 milyon xəstəxanaların, 3 milyon ilkin səhiyyə xidməti üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyon isə müqaviləli tibb müəssisələrinin payına düşür.
Səhiyyəyə ayrılan vəsaitlərin qənaət edilməsi və maliyyə vəsaitlərinin səmərəli xərclənməsində informasiya texnologiyalarının böyük rol oynadığını nəzərə alaraq, hesabat dövründə səhiyyə xidmətlərinin elektronlaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Sığorta ödənişlərinin vaxtında icrası və hesabatlılığın gücləndirilməsi üçün pilot layihə başladıqdan sonra xəstəxanalar kompüterlər və proqram təminatları ilə təchiz edilmiş, nəticədə müəssisədaxili fəaliyyətin 80 faiz elektronlaşmasına nail olunmuşdur.
Hesabat dövrü ərzində ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmişdir. Yevlax rayonu inzibati ərazisi üzrə sanitar-epidemioloji tələblərə cavab verən 5 ilkin səhiyyə müəssisəsi (Yevlax şəhəri, Malbinəsi kəndi, Qaramanlı kəndi, Xaldan və Aran qəsəbələrində), Mingəçevir şəhəri üzrə isə 2 ilkin səhiyyə müəssisəsi təşkil olunmuşdur. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir.
Azərbaycanın 2 rayonunda əhali həkimlərə pul vermir
14:56
16 Mart 2018