2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın sığorta bazarında toplanan yığımların ümumi həcmi 817 milyon 48 min manat təşkil edib. Bu göstərici ölkənin sığorta sektorunun həm könüllü, həm də icbari seqmentlər üzrə fəaliyyətini əks etdirir.
FED.az xəbər verir ki, bazarın strukturunda əsas paya malik olan könüllü sığorta üzrə yığımlar 622 milyon 365 min manat olmuşdur. Bu kateqoriya öz növbəsində həyat və qeyri-həyat sığortası istiqamətlərinə bölünür.
Həyat sığortası 421 milyon 845 min manatlıq yığımla könüllü sığortanın aparıcı qoludur. Bu istiqamətdə demək olar ki, bütün yığımlar – 401 milyon 418 min manat – həyatın yaşam sığortasının payına düşür. Nisbətən daha kiçik həcmlər isə həyatın ölüm halından sığortası (16 milyon 133 min manat), əmək qabiliyyətinin sığortası (1 milyon 983 min manat) və sağalmaz xəstəliklərdən sığorta (2 milyon 310 min manat) üzrə qeydə alınıb.
Qeyri-həyat sığortası üzrə isə ümumilikdə 200 milyon 520 min manat sığorta haqqı toplanıb. Bu sahədə ən böyük paya malik olan əmlak sığortası üzrə yığımlar 106 milyon 961 min manat təşkil edir. Onun daxilində əmlakın yanğından və digər risklərdən sığortası (39 milyon 116 min manat) və avtonəqliyyat vasitələrinin sığortası (33 milyon 531 min manat) əsas yerləri tutur. Şəxsi sığorta növləri isə 93 milyon 559 min manatlıq yığımla diqqəti çəkir ki, bunun da 88 milyon 359 min manatı birbaşa tibbi sığortanın payına düşür.
İcbari sığorta bazarı üzrə ümumi yığımlar 194 milyon 683 min manat olub. Bu məbləğin 141 milyon 802 min manatı qeyri-həyat sığortası növlərinə aiddir ki, burada da avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (84 milyon 301 min manat) və daşınmaz əmlakın icbari sığortası (56 milyon 638 min manat) liderlik edir. İcbari həyat sığortası üzrə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri növü üzrə 52 milyon 881 min manat yığım qeydə alınıb.
Bununla yanaşı, bəzi sığorta növləri üzrə yığımların həcmi olduqca aşağı səviyyədə qalıb. Məsələn, könüllü növlər arasında dəmiryol nəqliyyatı vasitələrinin sığortası cəmi 22 min manat, yük daşıyanın mülki məsuliyyətinin sığortası isə 10 min manatlıq yığımla qeydə alınıb.. İcbari sığorta növləri arasında isə sərnişinlərin icbari fərdi qəza sığortası (53 min manat) və digər icbari sığorta növləri (34 min manat) ən aşağı göstəricilərə malikdir. Bu, həmin sığorta məhsullarına olan tələbatın məhdud olduğunu göstərir.