2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 491 milyon 604,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,7% çoxdur.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN-2022)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 366 milyon 698,1 min manat (artım 20,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 74,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 205 milyon 551,5 min manat (artım 29,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 161 milyon 146,6 min manat (artım 10,5%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 124 milyon 906,6 min manat (azalma 15,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (78 milyon 107,7 min manat), həyatın yaşam sığortası (191 milyon 585,1 min manat) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (48 milyon 448,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64,7%-ni təmin edib.
Yanvar-iyun ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 174 milyon 922.9 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 29,5% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 130 milyon 249 min manat (azalma 29,1%) və ya bazar üzrə bütün ödənişlərin 74,5%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 83 milyon manat (azalma 40,2%), qeyri-həyat sığortası üzrə ödənişlər 47 milyon 248,5 min manat (artım 79%) məbləğində olub.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 44 milyon 673,9 min manat (azalma 30,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (41 milyon 774,7 min manat), həyatın yaşam sığortası (81 milyon 272,7 min manat) və könüllü tibbi sığorta (37 milyon 391,5 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 91,7%-ni təmin edib.
2022-ci ilin yanvar-iyun aylarında yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 41% azalıb.
İyun ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına əsasən, 2022-ci ilin 6 ayı ərzində haqların həcminə görə sığöortaçıların TO-5-nə: PAŞA Həyat Sığorta - 206,649 milyon manat, PAŞA Sığorta – 120,607 milyon manat, Atəşgah Həyat Sığorta – 25,687 milyon manat, Qala Sığorta – 24,906 milyon manat və Xalq Sığorta – 19,273 milyon manat.
Bütövülkdə, yarım il ərzində sığortaçıların haqlarının 80,8%-i bu 5 şirkətin payına düşüb.
2022-ci ilin 6 ayı ərzində ödənişlərin həcminə görə sığortaçıların TOP-5-nə daxil olublar: PAŞA Həyat Sığorta – 71,419 milyon manat, PAŞA Sığorta – 36,001 milyon manat, Xalq Sığorta – 12,179 milyon manat, Atəşgah Həyat Sığorta – 11,682 milyon manat və «Аzərsığorta» – 10,41 milyon manat.
Bütövlükdə, yarım il ərzində sığortaçıların haqlarının 81%-i bu 5 şirkətin payına düşüb.
2022-ci ilin birinci yarısının yekunları üzrə sığorta sektorunun penetrasiyaları 0,8% təşkil edib. (İnterfaks-Azərbaycan)