2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 648 milyon 945,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32% çoxdur.
Sığorta şirkətlərinin ödəniş-yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-İYUN, 2023)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 470 milyon 656 min manat (artım 28,3%) və ya bazar üzrə bütün sığorta haqlarının 72,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 288 milyon 782,57 min manat (artım 40,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 181 milyon 873,45 min manat (artım 12,9%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 178 milyon 289,4 min manat (artım 42,7%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (273 milyon 665,49 min manat), könüllü tibbi sığorta (81 milyon 608 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (76 milyon 874,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 66,6%-ni təmin edib.
Yanvar-iyun aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 225 milyon 32,06 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 28,6% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 174 milyon 824,2 min manat (artım 34,2%) və ya bazar üzrə bütün ödənişlərin 77,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 127 milyon 278,47 min manat (artım 53,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 47 milyon 545,76 min manat (artım 0,6%) məbləğində olub.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 50 milyon 207,8 min manat (artım 12,4%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (46 milyon 493,46 min manat), həyatın yaşam sığortası (126 milyon 512,7 min manat) və könüllü tibbi sığorta (35 milyon 145,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-may aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 92,5%-ni təmin edib.
Yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,7% artıb.
Bu dövrdə Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (281,828 milyon manat), “PAŞA Sığorta” (163,423 milyon manat), “Qala Sığorta” (39,311 milyon manat), “Atəşgah Həyat Sığorta” (32,957 milyon manat) və “Atəşgah Sığorta” (16,956 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 82,4%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-iyun aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (113,381 milyon manat), “PAŞA Sığorta” (37,784 milyon manat), “Xalq Sığorta” (11,918 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,81 milyon manat) və “Atəşgah Sığorta” (8,457 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 81,9%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,1% təşkil edib. (İnterfaks-Azərbaycan)