2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 761 milyon 801 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,2% çoxdur.
Azərbaycanın sığorta şirkətlərinin yığımları və ödənişləri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 559 milyon 287,3 min manat (artım 27,5%) və ya bazar üzrə bütün sığorta haqlarının 73,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 338 milyon 307 min manat (artım 35,8%), qeyri-həyat sığortası üzrə sığorta haqları 220 milyon 980,3 min manat (artım 16,5%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 202 milyon 513,7 min manat (artım 42,8%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (319 milyon 563 min manat), könüllü tibbi sığorta (85 milyon 651,2 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (92 milyon 644,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,3%-ni təmin edib.
Yanvar-iyul aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 282 milyon 977,1 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,3% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 221 milyon 326 min manat (artım 18,5%) və ya bazar üzrə bütün ödənişlərin 78,2%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 166 milyon 259,4 min manat (artım 26,9%), qeyri-həyat sığortası üzrə ödənişlər 55 milyon 66,6 min manat (artım 0,9%) məbləğində olub.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə ödənişlər 61 milyon 651,1 min manat (artım 13,4%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (56 milyon 433,6 min manat), həyatın yaşam sığortası (165 milyon 433,6 min manat) və könüllü tibbi sığorta (41 milyon 29,7 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93%-ni təmin edib.
Yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artıb.
Bu dövrdə Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (327,01 milyon manat), “PAŞA Sığorta” (188,862 milyon manat), “Qala Sığorta” (41,431 milyon manat), “Atəşgah Həyat Sığorta” (38,366 milyon manat) və “Atəşgah Sığorta” (21,2 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 81%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (150,921 milyon manat), “PAŞA Sığorta” (45,089 milyon manat), “Xalq Sığorta” (15,138 milyon manat), “Atəşgah Həyat Sığorta” (14,152 milyon manat) və “Atəşgah Sığorta” (9,252 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 82,8%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-iyul aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,08 % təşkil edib. (İnterfaks-Azərbaycan)