2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 221 milyon 67,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24% çoxdur.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2023)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 171 milyon 427,38 min manat (artım 19,8%) və ya bazar üzrə bütün sığorta haqlarının 77,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 69 milyon 634,47 min manat (artım 35,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 101 milyon 792,9 min manat (artım 10,9%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 49 milyon 640,55 min manat (artım 41,1%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (64 milyon 933,86 min manat), könüllü tibbi sığorta (64 milyon 871,05 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (23 milyon 457,88 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 69,3%-ni təmin edib.
Yanvar-fevral ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 70 milyon 514,39 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8 dəfə çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 52 milyon 591 min manat (artım 2,1 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 74,6%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 37 milyon 517,2 min manat (artım 3,8 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 15 milyon 73,8 min manat (artım 4,2%) məbləğində olub.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə ödənişlər 17 milyon 923,35 min manat (artım 23,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (17 milyon 206,25 min manat), həyatın yaşam sığortası (37 milyon 348,9 min manat) və könüllü tibbi sığorta (11 milyon 308,2 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-fevral aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,4%-ni təmin edib.
Yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.
Fevral ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Sığorta” (81,11 milyon manat), “PAŞA Həyat Sığorta” (67,581 milyon manat), “Qala Sığorta” (13,391 milyon manat), “Aqrar Sığorta” (9,04 milyon manat) və “Atəşgah Həyat Sığorta” (8,223 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 81,1%-i bu şirkətlərin payına düşüb.
Cari ilin yanvar-fevral aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (32,888 milyon manat), “PAŞA Sığorta” (11,669 milyon manat), “Xalq Sığorta” (5,442 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,755 milyon manat) və “Atəşgah Sığorta” (2,845 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 80,3%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-fevral aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,1% təşkil edib. (İnterfaks-Azərbaycan)