2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 767 milyon 914,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,9% çoxdur.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 15%-DƏK BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 528 milyon 898,5 min manat (artım 14,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 68,9%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 290 milyon 897,2 min manat (artım 25,8%), qeyri-həyat sığortası üzrə sığorta haqları 238 milyon 1,3 min manat (artım 3,3%) təşkil edib.
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 239 milyon 15,9 min manat (artım 15,7%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (247 milyon 914,7 min manat), könüllü tibbi sığorta (95 milyon 394,6 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (91 milyon 208,4 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-sentyabr aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 56,6%-ni təmin edib.
11 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 429 milyon 848,9 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,8% çoxdur.
Yanvar-noyabr aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 319 milyon 738,5 min manat (azalma 2,5%) və ya bazar üzrə bütün ödənişlərin 74,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 226 milyon 256,6 min manat (azalma 7,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 93 milyon 418,9 min manat (artım 12,2%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 110 milyon 110,5 min manat (artım 73,7%) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (222 milyon 901,7 min manat), könüllü tibbi sığorta (72 milyon 325,1 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (67 milyon 41,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 84,3%-ni təmin edib.
Noyabr ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.