2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 731 milyon 219,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,2% çoxdur.
Eləcə də bax: Azərbaycanın 7 sığorta şirkətinin yığımları azalıb – ADLARI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 553 milyon 565,3 min manat (artım 24,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,7%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 316 milyon 57,4 min manat (artım 32,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 237 milyon 507,9 min manat (artım 15,3%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 177 milyon 654,5 min manat (azalma 14,4%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (294 milyon 363,2 min manat), könüllü tibbi sığorta (93 milyon 74,3 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (80 milyon 303,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64%-ni təmin edib.
Yanvar-sentyabr ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 318 milyon 614,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,7% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 246 milyon 766,7 min manat (azalma 12,1%) və ya bazar üzrə bütün ödənişlərin 77,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 175 milyon 935,5 min manat (azalma 12,9%), qeyri-həyat sığortası üzrə ödənişlər 70 milyon 831,3 min manat (azalma 10,2%) məbləğində olub.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 71 milyon 847,8 min manat (azalma 22,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (67 milyon 584 min manat), həyatın yaşam sığortası (173 milyon 867,7 min manat) və könüllü tibbi sığorta (55 milyon 867,9 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-avqust aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,3%-ni təmin edib.
Yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,8% azalıb.
Sentyabr ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2022-ci ilin 9 ayı ərzində sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (310,509 milyon manat), “PAŞA Sığorta” (172,884 milyon manat), “Atəşgah Həyat Sığorta” (36,558 milyon manat), “Qala Sığorta” (33,423 milyon manat) və “Xalq Sığorta” (30,19 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 79,8%-i bu şirkətlərin payına düşüb.
Cari ilin 9 ayı ərzində ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (159,442 milyon manat), “PAŞA Sığorta” (53,466 milyon manat), “Xalq Sığorta” (19,66 milyon manat), “Atəşgah Həyat Sığorta” (17,114 milyon manat) və “Azərsığorta” (16,669 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,6%-i bu 5 şirkətin payına düşüb.
9 ayın yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 0,7% təşkil edib. (İnterfaks-Azərbaycan)