2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 580 milyon 501.1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,9% çoxdur.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2022)
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 438 milyon 710,3 min manat (artım 20,3%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 249 milyon 15,1 min manat (artım 28,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 189 milyon 695,2 min manat (artım 10,9%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 141 milyon 790,8 min manat (azalma 13,3%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (81 milyon 341,7 min manat), həyatın yaşam sığortası (232 milyon 489,7 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (59 milyon 149,7 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64,3%-ni təmin edib.
Yanvar-iyul ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 241 milyon 128.5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,9% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 186 milyon 782,8 min manat (azalma 18,1%) və ya bazar üzrə bütün ödənişlərin 77,5%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 132 milyon 212,4 min manat (azalma 25,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 54 milyon 570,5 min manat (artım 6,4%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 54 milyon 345,7 min manat (azalma 25,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (50 milyon 845,7 min manat), həyatın yaşam sığortası (130 milyon 339,9 min manat) və könüllü tibbi sığorta (43 milyon 343 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,1%-ni təmin edib.
2022-ci ilin yanvar-iyul aylarında yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 25,5% azalıb.
İyul ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına əsasən, 2022-ci ilin 7 ayı ərzində sığorta haqqlarının həcminə görə TOP-5-ə “PAŞA Həyat Sığorta” – 247,668 milyon manat, “PAŞA Sığorta” – 137,463 milyon manat, “Atəşgah Həyat Sığorta” – 29,5 milyon manat, “Qala Sığorta” – 26,602 milyon manat və “Xalq Sığorta” – 22,674 milyon manat daxil olub.
Hesabat dövründə sığortaçıların sığorta haqqlarının 79,9%-i bu 5 şirkətin payına düşüb.
2022-ci ilin 7 ayı ərzində ödənişlərin həcminə görə sığortaçıların TOP-5-nə daxil olublar: PAŞA Həyat Sığorta – 119,325 milyon manat, PAŞA Sığorta – 41,589 milyon manat, Xalq Sığorta – 14,487 milyon manat, Atəşgah Həyat Sığorta – 13,344 milyon manat və «Аzərsığorta» – 13,676 milyon manat.
Bütövlükdə, bu dövr ərzində sığortaçıların haqlarının 83,9%-i bu 5 şirkətin payına düşüb.
2022-ci ilin hesabat dövrünün yekunları üzrə sığorta sektorunun penetrasiyaları 0,8% təşkil edib. (İnterfaks-Azərbaycan)