Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 2,610 milyon manata yüksəlib.
FED.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Belə ki, ötən ilin yanvar-iyul aylarında səyahət sığortası üzrə 1,309 milyon manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə səyahət sığortası üzrə ödənişlərin həcmi 226 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur. 2021-ci ilin yeddi ayında xaricdə baş verən xəsarət hallarına görə Azərbaycan vətəndaşlarına 95,2 min manat sığorta ödənişi verilmişdi.
Qeyd edək ki, səyahət sığortası yerli sığorta şirkətləri üçün ən gəlirli sığorta növlərindən hesab olunur. Belə ki, bu ilin yeddi ayı üzrə toplanılan hər 100 manatdan cəmi 8,7 manatı sığorta ödənişinə yönəldilib. Səyahət sığortası bazarının ötən ilə nisbətən 2 dəfə böyüməsi bununla belə bu sığorta növünün zərərliliyini nisbətən artırıb. Belə ki, ötən ilin yeddi ayında hər toplanan hər 100 manat sığorta haqqından 7,3 manatı ödənişə yönəldilmişdi.