2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə əsasən Azərbaycanın sığorta bazarı 16%, başqa sözlə 75 milyon 311 min manat böyüyüb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq bülletenə istinadən xəbər verir.
Göstəricilər əsasında aparılmış hesablamalardan məlum olur ki, yığımlar üzrə ən yüksək müsbət dinamika könüllü sığortalar üzrə olub. Bu ilin 4 ayının nəticəsinə görə könüllü sığorta bazarı 68 milyon 547 min manat (20%) böyüyüb. Ondan əlavə 64 milyon 331 min manat və ya 20% könüllü həyat, 6 milyon 763 min manat və ya 5% artım icbari sığortanın payına düşüb.
Könüllü həyat sığortasında ən yüksək yığım dinamikası 59 milyon 728 min manat (31%) olmaqla həyatın yaşam sığortası üzrə qeydə alınıb.
İlk 4 ayın nəticələrinə görə yığımların ən çox azaldığı sığorta növləri əmlakın yanğından və digər risklərdən könüllü sığortası (2 milyon 734 min manat / 12%), kənd təsərrüfatı bitkiləri məhsullarının könüllü sığortası (1 milyon 506 min manat / 16%) və tibbi sığorta (1 milyon 106 min manat/2%) olub.