11 iyul 2019-cu il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə hökumət, Milli Məclisin üzvləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, Fransa və Litvanın Azərbaycandakı səfirliklərinin və Avropa İttifaqının rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıqdan, pilot layihə və bır sıra beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri haqqında danışıb. Z.Əliyev Avropa İttifaqının Nümayəndəliyinin rəhbərliyinə, habelə layihə müddətində Agentliyin mütəxəssisləri ilə sıx əməkdaşlıq edən bütün beynəlxalq ekspertlərə təşəkkürünü bildirib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas bildirib ki, tvininq layihəsi çərçivəsində Aİ ölkələri tərəfindən Azərbaycana cəlb olunan ekspertlər icbari tibbi sığortanın tətbiqinə dəstək veriblər. Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə pilot layihənin göstəriciləri müsbətdir və bunun nəticəsidir ki, hökumət tərəfindən də icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə qərar verilib.
Tədbirə dəvətə görə təşəkkürünü bildirən UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin çox uğurlu olacağına əminliyini vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi istiqamətində tvininq layihəsinin uğurla həyata keçirilməsini qürurverici hal kimi dəyərləndirib: “Çatışmazlıqların aradan qaldırılması üçün dünya ölkələrinin təcrübələrinin öyrənilməsi çox vacibdir”. Onun sözlərinə görə, icbari tibbi sığortanın ölkədə uğurlu tətbiqi məqsədilə ötən ilin sonunda qanunvericiliyə bir sıra dəyişikliklər edilmişdir. Gələn ildən icbari tibbi sığortanın tətbiqi nəticəsində qanunvericiliyə əlavə dəyişikliklərin edilməsinə də ehtiyac yarana bilər. Bunun üçün Milli Məclisdə aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır.
Fransa Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Yohan Şittererin sözlərinə görə, icbari tibbi sığortanın Azərbaycanda uğurlu tətbiqi edilməsi üçün və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tvininq layihəsi əhəmiyyətli dəstək vermişdir.
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə uğurlar arzulayan Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərovun sözlərinə görə, son illər ölkəmizdə yeni tibb müəssisələri inşa və ya əsaslı şəkildə təmir edilmişdir. Pilot layihədən danışan M.Ələkbərov bildirmişdir ki, layihənin tətbiqi nəticəsində 3 pilot ərazidə tibbi xidmətlərin keyfiyyəti yüksəlmiş, əhalinin xidmətlərə əlçatanlığı artmışdır.
Agentliyin departament rəhbərləri Aysel İbayeva, Şərafət İsmayılova bildiriblər ki, layihə müddətində icbari tibbi sığorta üzrə maliyyə resurslarının formalaşdırılması, Agentliyin institusional imkanlarının gücləndirilməsi və digər aidiyyəti məsələlər beynəlxalq ekspertlərlə müzakirə edilib, təlim səfərləri zamanı Fransa, Belçika və Litvanın təcrübələri öyrənilib.
"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimi keçirilib
15:57
11 İyul 2019