«Salam, mən avtomobilimi sığortalamaq istəyirdim, sığorta şirkəti dedi ki 1,4 motor olduğu üçün etməyəcəklər. Sığortanın vaxti bitib, məni polis cərimələsə nə edim?».
Sığorta şirkətləri icbari sığortadan imtina edə bilməyəcək - MƏRKƏZİ BANKDAN YENİ QƏRAR
Bir neçə gün əvvəl FED.az-a ünvanlanan bu məktub Azərbaycanın sığorta bazarında avtomobillərin icbari sığortası ilə bağlı vəziyyətin göstəricisidir. Ölkədə avtomobillərin icbari sığortası ilə bağlı sığorta şirkətlərinin tətbiq etdiyi məhdudiyyətlər son günlər pik həddə çatıb.
FED.az xəbər verir ki, bir neçə gün əvvəl sığorta şirkətləri avtomobil sığortası ilə məşğul olan sığorta agentlərinə məhdudiyyət tətbiq edilən avtomobillərin yeni siyahısını göndəriblər. Sığorta şirkətlərinin yeni «qadağa siyahısı»nda yüzlərlə avtomobil modeli əksini tapıb.
Siyahıdan məlum olur ki, əgər indiyədək sığorta şirkətləri mühərrikinin həcmi 1,6-2 litrdən az olan maşınları sığorta etmək istəmirdilərsə, indi bu rəqəmlər 2,2-2,5 litrə qaldırılıb. Sığorta qadağası qoyulan avtomobillərin istehal ili isə əvvəlkti 2002-2003-cü ildən 2006-2007-ci illərə qaldırılıb.
Sığorta şirkətləri bu avtombilləri sığorta etməyəcəklərini birbaşa açıqlamırlar, əvəzində bunu bir neçə üsulla edirlər.
Birinci üsul: Sığorta agentlərinə belə müqavilələri qəbul etməyəcəklərini və həmin müqavilələrə görə komissiya haqqı ödəməyəcəklərini bildirirlər. Son vaxtlarda isə ümumiyyətlə agentlərə bildirilib ki, belə avtomobillərlə bağıl müqavilələr olduğu halda nəinki komissiya haqqı ödənilməyəcək, hətta həmin agentlə əməkdaşlıq birdəfəlik dayandırılacaq. Sığorta agentləri FED.azla söhbətdə etiraf edirlər ki, bu tələbdən sonra kiçik mühərrikli avtomobillər barədə müqavilə yazmaq iqtisadi cəhətdən sərfəli olmaması bir yana, tərəfdaş şirkətin itirilməsi ilə nəticələnə bilər.
İkinci üsul: «Etibarlı olmayan», yəni hətta qadağalara baxmayaraq kiçik mühərriklər üçün sığorta müqaviləsi yaza bilən sığorta agentlərinin sistemə çıxışının bağlanmasıdır. Son məlumatlara görə, ölkədə birbaşa müqavilə yazmaq səçlahiyyəti olan agentlərin sayı kəskin azalıb, qalanlar yalnız baş ofisin «OK»indən sonra müqavilə yaza bilirlər.
Üçüncü üsul: İcbari sığortv müqavilələri yalnız baş ofislərdə yazılır, yəni Bakıda şirkətin bir neçə ofisi olsa da, belə «problemli» müqavilələr yalnız baş ofisə yönəldilir. Məqsəd odur ki, avtomobil sahibi vaxt itirməmək üçün başşa şirkətə üz tutsun.
Nəhayət sığorta şirkətlərinin yeni bir məhdudlaşdırma üsulu – «qadağa siyahısı»nda olan avtomobilləri sayt vasitəsilə sığorta etmək istəyəndə «sistem səhvi» göstərir.
FED.az-a müraciət edən müştərinin şikayəti «Paşa Sığorta» və «Günay Sığorta» ilə bağlıdır. Onun sözlərinə görə, hər iki şirkətin «ASAN Xidmət»dəki agentləri ona mühərriki 1,4 litr olan avtomobili sığorta etməyəcəklərini bildirib, səbəb kimi mühərrikin kiçik olduğunu göstəriblər.
«Paşa Sığorta»dan FED.aza verilən məlumata görə, belə avtomobilləri şirkətin saytında sığortalamaq olar – ASAN Login əldə etməklə, şəxsi kabinetə daxil olmaqla və ya şirkətin baş ofisinə yaxınlaşaraq sığorta etmək olar: «İndi də gəlib baxsanız görərsiniz, ofisin qarşısı sürücülərlə doludur, sığortalanmağa gəliblər»-deyə şirkətin əməkdaşı FED.az-a bildirib. Amma şirkətdən izah edə bilmədilər ki, şirkətin sığorta agentləri nə ilə məşğuldur, bu sürücülər niyə sığota agentləri (yəni qanunda da nəzərdə tutulan sığorta vasitəçiləri) vasitəsilə deyil, hökmən bütün şəhəri keçərək baş ofisə yaxınlaşmalı və burada növbədə dayanaraq sığortalanmalıdır. Hazırki vəziyyət – sığorta şirkətlərinin qarşısında növbə götürüb saxlamaq – nəinki 2023-cü ilə, heç 2000-ci illərin əvvəllərinə də uyğun gəlmir.
Yeri gəlmişkən, Mərkəzi Bank bildirir ki, sığorta olunmuq üçün ASAN Login-in tələb olunması qanunsuz deyil – «Yəqin «Paşa Sığorta»nı deyirsiniz, eləmi?» -deyə Mərkəzi Bankın qaynar xəttinin əməkdaşı «ASAN Login» sözünü eşidən kimi soruşdu. AMB-də bildirirlər ki, ASAN Login almaq 5-10 dəqiqəlik işdir, FİN kodla qeydiyyatdan keçərək sığortalanmaq olar.
FED.az xəbər verir ki, bu sahədə ən «maraqlı» yeniliyi «Meqa Sığorta» edib. Şirkətin internet səhifəsində avtomobilləri icbari sığorta etmək istərkən kiçik mühərrikli modellər ümumiyyətlə avtomobillərin siyahısından çıxarılıb, siyahıda olmadığına görə həmin modelləri seçmək olmur. Məsələn, Mersedes E200, E220 və ya E240 modelləri mövcud deyil. Siyahıda yalnız iri – 3,2 litrdən yuxarı mühərrikli avtomobillər əksini tapıb.
İllər üzrə seçimdə də eyni vəziyyətdir – burada 2007-ci ildən aşağı illər üzrə avtomobilləri seçmək mümkün deyil, həmin illər sadəcə siyahıda mövcud deyil.
Şirkətin müştəri xidmətlərinin Zərnitac adlı əməkdaşı bunu eşitdikdə «təəccüblənərək» onu İT departamentin problemi olduğunu qeyd edib, amma problemin nə vaxt aradan qalxacağını bildirməyib.
Amma ən maraqlısı budur ki, 2000-ci illərin qaydasına keçən «Paşa Sığorta»dan fərqli olaraq burada maşını heç baş ofisə yaxınlaşmaqla da sığorta etmək mümkün deyil. «Müştəri xidmətimiz binadakı təmirlə əlaqədar olaraq işləmir, gəlsəniz də sığorta edə bilməyəcəksiniz, yaxşısı budur başqa şirkətlərə miüraciət edin».
Maraqlıdır ki, 2022-ci ilin oktyabrından, yəni 2-3 ay əvvəldən icbari sığorta haqlarının hesablanması üzrə yeni qaydalar qüvvəyə minib, həmin qaydalara əsasən sığorta haqlarının hesablanmasında indiyədək nəzərə alınmayan bir neçə məqam da nəzərə alınır və nəticədə sığorta haqları təqribən 2,5-3 dəfə artıb.
Amma FED.az xəbər verir ki, hətta bu artım da sığorta şirkətlərini kiçik mühərrikli avtomobilləri sığortalamağa həvəsləndirə bilməyib.
Ən pisi budur ki, avtomobil sahibləri bu prosesi ağır seytnotda, yəni əvvəlki sığorta müqaviləsinin vaxtı bitdikdən sonra edirlər, yəni sığorta müqaviləsi olmadığına görə hər an radara düşüb cərimələnə bilərlər (fiziki şəxs üçün 50 manat məbləğində). Formal olaraq hər şey düzdür – maşının sığortası yoxdur, amma nəzərə alınmır ki, sürücü hətta ödəniş etməyə hazır olsa da, sığorta edə bilmir.
Belə vəziyyətdə bəzi işbazlar fürsətdən istifadə edərək avtomobillərin sığortasını əlavə haqq müqabilində edirlər, yəni sığorta haqqı ödənilərkən qanuna hesablanmış məbləğdən başqa məbləğ ödənilməsi tələb olunur. Yalnız əlavə haqq də ödənildikdə müqavilə yazılır. Bunun üçsün əlavə haqqın məbləği 30-50 manat arasında dəyişir. Məsələn bir neçə gün əvvəl qanuni hesablanmış sığorta haqqı 115 manat olan 1,5 litrlik «Ford» avtomobili 145 manata, yəni 30 manat əlavə haqq müqabilində sığota edilib. 1,4 litrlik «Hyundai» avtomobilinin isə sığorta haqqı 40-50 manat olduğu halda, onu 100 manata sığortalayıblar. Hələlik məlum deyil ki, sığorta agentləri bu məbləğləri sığorta şirkətləri ilə birlikdə toplayırlar ya yox. Amma bunun avtomobil sahibləri üçün elə də fərqi yoxdur.
Yeri gəlmişkən, bu vəziyyətdə sığorta şirkətlərindəki işbazların vəziyyətdən istifadə edərək əlavə «haqq» hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll etdiyini hüquqşünas Ərşad Hüseynov da bildirib.
Ölkədə icbari sığortalar üzrə prosesləri tənzimləyən İcbari Sığorta Bürosunun bununla bağlı mövqeyi məlumdur. Bürodan FED.az-ın sorğusuna cavab olaraq bildirilir ki, «Avtomobil vasitəsi sahiblərinin mülki məhsulliyətinin icbari sığortası (AVSMMİS) ilə bağlı müraciət alan sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər. Bu hal mövcud sığorta qanunvericiliyində, o cümlədən Mülki Məcəllədə (907.2-ci maddə), «İcbari sığortalar haqqında» qanunda (23.3-cü maddə), eləcə də «Sığorta fəaliyyəti haqqında» qanunda (3.4-cü maddədə) əksini tapıb.
Sığorta bazarının tənzimləyicisi olan Mərkəzi Bank da eyni mövqedədir – sığorta müqaviləsindən imtina oluna bilməz: «Əgər vətəndaş sığorta ilə bağlı sığorta şirkətinə müraciət edirsə onun bu istəyi təmin olunmadığı halda vətəndaşlar Azərbaycan Mərkəzi Bankına müraciət edə bilərlər».
Bunun üçün https://contact.e-cbar.az/ rəsmi saytına yazmaq, AMB-nin Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına rəsmi qaydada məktub ünvanlamaq, «966 qaynar xətti»nə yığmaq, eləcə də [email protected] “Skype” hesabı və ya (055) 966-19-66 «Whatsapp» nömrəsi vasitəsilə video görüntülü əlaqə saxlaya bilərlər.
Yeri gəlmişkən, Mərkəzi Bankda problemin qarşısını almaq üçün əlavə addımlara başlayıblar.
Son məlumatlara görə, Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortalanması – avtomobillərin icbari sığortası barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, AMB İdarə Heyətinin qərarı ilə «İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər»də edilən dəyişikliklərə görə, sığorta şirkətlərinin üzərinə daha bir öhdəlik qoyulub. Tələbə əsasən onlar öz internet səhifələlərində icbari sığorta alınması – yəni sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.Yeni qərara əsasən sığorta şirkətləri bu imkanı 10 gün ərzində yaratmalıdırlar.
FED.az xəbər verir ki, tələblərə edilən dəyişiklik bundan ibarətdir:
“4-1. Rəsmi internet səhifəsi ilə bağlı tələb
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bağlanması imkanına malik olmalıdır.”;
aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:
“5.3. Tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar.”.