Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) öz işinə başlayıb.
«Həm mülkünü sığortalatdır, həm də şirkətin gəlirlərindən pul qazan» – İslam sığortası necə işləyir? - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Forum bu ilin 24-25 iyun tarixlərini əhatə edəcək.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyevin çıxışı nəzərdə tutulub.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak edirlər.
2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatıldığı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkili gözlənilir.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühün qlobal sığorta əməkdaşlığı platformasıdır.



























