2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 147,853 mln. manat həcmində sığorta haqqı yığılıb, 64,536 mln. manat həcmində ödəniş həyata keçirilib.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı ilin ilk yarısında - 11% Böyüyüb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 11,8% və 88% artıb. İcbari sığorta növləri üzrə yığımlar bazarın 32,7%-ni, ödənişlər isə 26%-ni təşkil edib.
Könüllü sığorta növləri üzrə birinci yarımildə yığımlar 304,513 mln. manat, ödənişlər isə 183,663 mln. manat təşkil edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% və 19,3% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 67,3%-ni, ödənişlər isə 74%-ni təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 452,366 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 248,2 mln. manat sığorta ödənişləri olub. Bu illik müqayisədə müvafiq olaraq 11,3% və 31,8% çoxdur. (Apa)