Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-oktyabr aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.
Eləcə də bax: 10 ayda Azərbaycanda sığortaçıların sığorta haqları 12,3%, ödənişləri 14,6% - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 10 ay ərzində 4,185 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 157,705 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 31,8% azalaraq 9,399 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,2% azalaraq 34,194 milyon manata düşüb.