2025-ci ilin ilk 9 ayında Azərbaycanın sığorta şirkətləri ümumilikdə 1 milyard 157 milyon 254 min manat sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta yığımlarının həcminə görə bazarın lideri böyük fərqlə "Paşa Həyat Sığorta" ASC olub. Şirkət 9 ay ərzində 530 milyon 839 min manat sığorta haqqı yığıb.
İkinci yerdə isə 272 milyon 931 min manatla "Paşa Sığorta" ASC qərarlaşıb. Beləliklə, bu iki şirkət birlikdə 803 milyon 770 min manat yığım əldə edərək, bütün bazarın təxminən 70%-nə nəzarət edib.
Siyahıda üçüncü yerdə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC gəlir. Şirkətin yığımları 81 milyon 124 min manat təşkil edib.
İlk beşliyi "Qala Sığorta" ASC (63 milyon 925 min manat) və "Atəşgah" Sığorta Şirkəti ASC (48 milyon 677 min manat) tamamlayıb.
Siyahıda növbəti yerlərdə gələn şirkətlərin yığımları 20-30 milyon manat arasında dəyişir: "Meqa Sığorta" ASC (25,7 milyon manat), "Azərbaycan Sənaye Sığorta" ASC (24,8 milyon manat), "Qala Həyat" Sığorta Şirkəti ASC (22,7 milyon manat) və "Xalq Sığorta" ASC (20,5 milyon manat). 10-20 milyon manatlıq yığımlarla isə "Aqrar Sığorta" ASC (15,7 milyon manat), "Meqa Həyat Sığorta" ASC (12,3 milyon manat) və "A-Qroup Sığorta Şirkəti" ASC (11,2 milyon manat) seçilir.
Siyahının sonunda qərarlaşan "Xalq Həyat" Sığorta Şirkəti ASC, "AtaSığorta" ASC, "AzSığorta" ASC və "İpək Yolu Sığorta" ASC-nin yığımları isə 10 milyon manatdan aşağıdır. Bu şirkətlərin göstəriciləri müvafiq olaraq 8,4, 7,5, 6,4 və 4,5 milyon manat təşkil edib.














