Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sektorundakı bəzi şirkətlərlə bağlı qərarlar qəbul edib.
Palatadan FED.az-a verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Qanun əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Qanunun 106.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 aprel 2019-cu il tarixli qərarı ilə “SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 20 iyul 2009-cu il tarixli 000203 nömrəli lisenziyanın qüvvəsi 3 ay müddətinə dayandırılmışdır.
İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC-yə sığorta brokeri fəaliyyətinə verilmiş 18 avqust 2011-ci il tarixli 000460 nömrəli lisenziyanın qüvvəsi bərpa edilmişdir.
Bundan əlavə, “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə , “Sığorta fəaliyyəti haqqında” Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.