2026-cı ilin yanvar ayında sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bir neçə şirkətin ödənişlərində dəfələrlə artım müşahidə olunub.
Artım tempinə görə "Xalq Həyat" Sığorta Şirkəti ASC 12,8 dəfə (479 min manat) yüksəlişlə birinci pillədə qərarlaşıb. "Meqa Həyat Sığorta" ASC-nin ödənişləri isə 10,5 dəfə (215 min manat) artaraq yüksək dinamika nümayiş etdirib.
Məbləğ ifadəsində ən böyük artım "Paşa Həyat Sığorta" ASC-də qeydə alınıb. Şirkətin ödənişləri 38,2 faiz və ya 9 milyon 758 min manat yüksəlib. "Paşa Sığorta" ASC-nin ödənişlərində isə 27,4 faiz və ya 2 milyon 408 min manatlıq artım izlənilib.
Digər sığorta şirkətləri üzrə də müsbət dinamika qeydə alınıb. "AtaSığorta" ASC-nin ödənişləri 68,2 faiz (244 min manat), "A-Group Sığorta Şirkəti" ASC-nin ödənişləri 51,6 faiz (293 min manat) və "Azərbaycan Sənaye Sığorta" ASC-nin ödənişləri 30,7 faiz (299 min manat) artıb.
Siyahıda yer alan digər sığortaçılardan "Atəşgah Həyat" Sığorta Şirkəti ASC 26,3 faiz (976 min manat), "Xalq Sığorta" ASC 26,2 faiz (159 min manat) və "Atəşgah" Sığorta Şirkəti ASC 21,1 faiz (585 min manat) artım göstəriblər. Siyahını 19,6 faiz və ya 23 min manatlıq artımla "Qala Həyat" Sığorta Şirkəti ASC tamamlayır.













