İcbari Sığorta Bürosu “Yaşıl Kart” sistemi ilə bağlı daha bir yeniliyə imza atıb.
FED.az xəbər verir ki, İcbari Sığorta Bürosu 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. Bu barədə İSB məlumat yayıb.
Qeyd edək ki, İcbari Sığorta Bürosu ölkədə həm də Milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. Büronun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu ləğv edilmiş və İcbari Sığorta Bürosu Bürolar Şurasının həqiqi üzvü seçilmişdir. Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 02-03 iyun 2022-ci il tarixində keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilmişdir.
İcbari Sığorta Bürosunun İcraçı Direktoru tədbirdə çıxış edərək 48 ölkə təmsilçilərinə qərarı dəstəklədikləri üçün təşəkkür etmiş, Türkiyə Yaşıl Kart Bürosu ilə birlikdə həyata keçirilən inteqrasiya barədə təqdimatı iştirakçıların diqqətinə çatdırmışdır. Ölkəmizin regionda beynəlxalq logistika mərkəzinə çevrildiyi bir dövrdə belə bir nəticənin əldə olunması xüsusi önəm daşıyır.
İcbari Sığorta Bürosu bu uğura imza atmaqla, keçici üzv olan Bürolardan tələb olunan təminatın 5 000 000 AZN məbləğinin ölkəmizə geri qaytarılmasına nail olmuşdur.