“Azərbaycan Sənaye Sığorta” ASC 2020-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata əsasən, cari ilin 9 ayı ərzində ümumilikdə 7 365 640 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 3 958 650 manatı könüllü, 3 406 990 manatı isə İcbari sığorta növlərinin payına düşür.
Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası, icbari avtomobil və yaşıl kart növlərini əhatə edir.
Beləliklə, sığorta yığımlarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 769 740 manat və ya 60,3 % artım olmuşdur.
Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 1 397 370 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. 2019-cu ilin 9 ayı ərzində isə bu rəqəm 1 438 880 manat təşkil etmişdir.
“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildən fəaliyyətdədir. 29 könüllü, 4 icbari olmaqla, 33 növ üzrə sığorta xidməti göstərir. “İcbari Sığorta Bürosu” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur. “Azərbaycan Sənaye ASC-nin xidmət şəbəkəsinə 8 nümayəndəlik və 30-dan çox satış ofisi daxildir.