Business Time işgüzar jurnalının təşkilatçılığı ilə biznes və iqtisadiyyat sahəsində ilin yekunlarına həsr olunmuş Azerbaijan Business Award 2025 mükafatının 15-ci yubiley təqdimetmə mərasimi keçirilmişdir. Tədbir ölkənin aparıcı şirkətlərini, biznes ictimaiyyətinin nümayəndələrini və müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirərək il ərzində əldə edilmiş uğurların, innovativ yanaşmaların və yüksək biznes göstəricilərinin qiymətləndirilməsini hədəfləmişdir.
FED.AZ xəbər verir ki, təqdimetmə mərasimi çərçivəsində Azərbaycan Sənaye Sığorta Şirkətinin göstərdiyi yüksək xidmət keyfiyyəti, müştəriyönümlü idarəetmə strategiyası, operativ xidmət modeli və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyi nəzərə alınaraq “Müştəri məmnuniyyəti” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Bu mükafat şirkətin sığorta sektorunda etibarlı və peşəkar tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, müştəri məmnuniyyətini fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini nümayiş etdirir.
Azərbaycan Sənaye Sığorta Şirkəti korporativ idarəetmə prinsiplərinə sadiq qalaraq bazarda şəffaflıq, məsuliyyət və uzunmüddətli tərəfdaşlıq dəyərlərini ön planda saxlayır. Şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”ndə təsisçi qismində iştirak edir, eyni zamanda “İcbari Sığorta Bürosu”, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB), “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi nüfuzlu qurumların da üzvüdür. Bu üzvlüklər şirkətin həm yerli, həm də beynəlxalq biznes platformalarında aktiv təmsil olunmasını və sektorun inkişafına töhfə verməsini təmin edir.
Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Azərbaycan Sənaye Sığorta Şirkəti ölkənin sığorta bazarında stabil, güclü maliyyə dayanıqlığına və yüksək reputasiyaya sahib aparıcı iştirakçılardan biridir. Paytaxtla yanaşı regionlarda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə fərdi və korporativ müştərilərə geniş spektrli sığorta məhsulları təqdim edən şirkət, innovativ həllər və müasir xidmət yanaşmaları ilə bazardakı mövqeyini daha da möhkəmləndirməyə davam edir.













