"Azərbaycan Sənaye Sığorta" şirkəti 31 dekabr 2017-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.
Hesabata əsasən, sözügedən dövrdə şirkətin aktivləri 22 milyon 288 min manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 2,8% və ya 641 min manat azdır.
Aktivlərin 653,663 min manatı uzunmüddətli aktivlər, 21,634 mln. manatı qısamüddətli aktivlərdir.
Şirkətin cəmi öhdəliklərinin həcmində də azalma qeydə alınıb. Belə ki, sığorta şirkətinin öhdəlikləri 2017-ci ilin əvvəli ilə müqayisədə 11,7% azalaraq 6,348 mln. manatdan 5,594 mln. manata düşüb.
"Azərbaycan Sənaye Sığorta"nın cəmi kapitalı isə 1 il ərzində cüzi - 0,68% artaraq hesabat ilinin sonunda 16,694 mln. manat təşkil edib. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 11 mln. manatdır.
Şirkət 2017-ci ili mənfəətlə başa vurub.
2017-ci ilin son göstəricilərinə əsasən "Azərbaycan Sənaye Sığorta"nın cəmi gəlirləri 10,177 mln. manat, cəmi xərcləri isə 10,036 mln. manat olub və nəticədə, şirkət ötən ili 141,492 min manat xalis mənfəətlə başa vurub.