Azərbaycan Sənaye Sığortanın maliyyə göstəricilərində artım müsbət dinamika ilə davam edir. Şirkət 2021-ci ilin 8 ayı üzrə 9 062 249 manat məbləğində sığorta haqqı yığıb ki, bu məbləğin də 5 540 794 manatı könüllü, 3 521 455 manatı isə icbari sığorta növlərinin payına düşür.
Şirkətdən FED.az-a verilən məlumata görə, 8 aya ötən ilin yığımlarını keçən Azərbaycan Sənaye Sığorta, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 36% artım əldə edib. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.
Həmçinin hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 2 708 374 manat həcmində sığorta ödənişi həyata keçirilib ki, bu rəqəm də ötən ilin 8 ayı ərzində 1 256 954 manat təşkil edib.
Şirkət maliyyə stabilliyinin qorunub saxlanılması və daha da gücləndirilməsi ilə yanaşı, müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması, məmnunluq səviyyəsinin artırılması sahəsində inamla addımlayır.
Həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmətlər təklif edən “Azərbaycan Sənaye Sığorta” ASC-nin xidmət şəbəkəsinə 8 nümayəndəlik və 30-dan çox satış ofisi daxildir.