Xəbər verildiyi kimi, Azərbaycanın tanınmış iş adamı, biznes idarəçisi, bir sıra sığorta şirkətləərinin rəhbəri olmuş Xəyal Məmmədxanlı vəfat edib.
FED.az xəbər verir ki, X.Məmmədxanlı 42 yaşında koronavirusdan vəfat edib.
Bir qədər əvvəl böyrək əməliyyatı keçirmiş X.Məmmədxanlı risk qrupuna daxil idi və onun vəziyyətinin ağır olduğu bildirilirdi.
Xəyal Məmmədxanlı - Azərbaycan iş adamı, Biznes məsləhətçisi, sığorta mütəxəssisi və təlimçi Azərbaycan biznesinin tanınmış nümayəndəsi idi.
X.Məmmədxanlı 11 iyun 1978-ci ildə Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonunun Kolanı kəndində ziyalı və həkim ailəsində anadan olub.
1985-ci ildə Kolanı kənd orta məktəbində təhsilinə başlayıb və 1992 ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992 ci ildə 8–ci sinfi bitirərək Naxçıvan Türk Litseyinə daxil olub və 1996–cı ilə qədər həmin litseydə oxuyub.
1996–cı ildə Naxçıvan Türk Litseyini fərqlənmə ilə bitirərək Ankara Universitetinin Siyasi Elmlər Fakultəsinə, Selçuk Universitetinin İqtisadiyyat fakultəsinə və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinə daxil olub.
2000–ci ildə BDU–nin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002–ci ildə Magistr pilləsini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib. 2002-2005–ci illərdə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasında aspirantura təhsilini başa vurub.
Eyni zamanda London Sığorta İnstitunda təhsil alaraq həmin institutun Sertifikat (Cert CII) və Diplomunu (Dip CII) əldə edib.
Karyerası
Xəyal Məmmədxanlı ixtisasça Beynəlxalq hüquq mütəxəssisi və hüquqşünas olsa da, bütün karyerasını müxtəlif şirkətlərin rəhbər vəzifələrində idarəetmə və menecment üzərində qurmuşdur.
Onlarla şirkətin qurucusu və rəhbəri, bir neçə əhəmiyyətli start-up ların ideya müəllifi olmuşdur.
2000-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xarici Sərmayələr İdarəsi, Baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləmişdir.
Yanvar 2002 - Mart 2002 tarixlərində «Atəşgah” Sığorta Şirkəti, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdiri,
Mart 2002 – Yanvar 2003 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, İdarə heyətinin Sədri,
Yanvar 2003 – Dekabr 2005 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, Müşahidə Şurasının Sədri,
İyun 2006 – Yanvar 2007 tarixlərində Turquoise MMC, Baş Direktor,
İyul 2008 – İyun 2009 tarixlərində “AZFİNANSBANK” ASC, Müşahidə Şurasının sədri,
Yanvar 2007 – Sentyabr 2009 tarixlərində «AzSığorta» ASC – nin İdarə heyəti sədrinin müavini,
Sentyabr 2009 – Aprel 2010 tarixlərində AZBARTER MMC, Prezident,
Aprel 2010 – İyun 2011 tarixlərində “ALFA SIĞORTA” ASC, Direktorlar Şurasının sədri,
Oktyabr 2011 – Fevral 2013 tarixlərində “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri,
May 2013 – Sentyabr 2014 “Avesta” Konserni, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, Vitse Prezident vəzifələrində işləmişdir.
2014-cü ilin sentyabr ayından etibarən “ARK” Business Solutions şirkətinin Təsisçi və ortağıdır.
2017-2020-ci illərdə "Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker" MMC də Baş kommersiya direktoru və Kasko Butik layihəsinin rəhbəri olub.
İctimai fəaliyyəti
Xəyal Məmmədxanlı 2003-cü ilin aprel ayından 2005-ci ilin oktyabr ayına kimi Azərbaycan Sığortaçılar Birliyinin Prezidenti olmuşdur.
2004-cü ilin oktyabr ayından 2009-cu ilin aprel ayına kimi Xəzər İnteqrasiya İşgüzar Klubunun maliyyə sektorunun həmsədri, Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) maliyyə sektorunun rəhbəri, maliyyə-təftiş komissiyasının sədri olmuşdur.
2007-ci ilin sentyabr ayından 2009-cu ilin aprel ayına kimi Azərbaycan Sığorta Şirkətləri Assosiasiyasının hüquq komitəsinin rəhbəri olmuşdur.
İctimai aktivliyi ilə seçilən X.Məmmədxanlı 2020-ci il fevral ayında parlament seçkilərində də iştirak edib, amma seçki prosesində baş verən çoxsaylı kobud pozuntulara görə qalib gələ bilməmişdi.
FED.az komandası gözəl insan, jurnalistlərin əziz dostu, ölkənin tanınmış sığorta siması olan Xəyal Məmmədxanlının vəfatından kədərləndiyini bildirir, onun yaxınlarına dərin hüznlə başağlığı verir.
Allah rəhmət eləsin!