Dünyanın sığorta nəhəngi AXA, Bakıda müvafiq dövlət qurumları ilə keçirdiyi görüşlərdən sonra Azərbaycan bazarını tərk etmək haqqında qərar verib. Buna görə də FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) müraciət edərək, AXA-nın bu qərarı ilə bağlı mövqeyini aldı.
Palatadan verilən açıqlamaya görə, “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” ASC-nin səhmlərinin 100% satışı şirkətin ötən il bəyan etdiyi strateji planlamada əksini tapan idarəetmə modelinin dəyişdirilməsi, xərclərə qənaət və təmsil olunan sığorta bazarlarından kənarlaşmaq qərarı ilə əlaqəlidir.
Belə ki, “AXA” Sığorta Qrupunun 2017-ci ilin 14 noyabr tarixində keçirilmiş “İnvestor Günü” adlı təqdimatda şirkətin fəaliyyət göstərdiyi ölkələrin təsnifatını verilib. Təsnifləşmə üç qrupdan ibarətdir:
-
Əsas aparıcı ölkələr (10 ölkə);
-
Yüksək potensialı olan ölkələr (6 ölkə);
-
Daha kiçik biznes xətti olan ölkələr (26 ölkə).
Təsnifləşmənin 3-cü qrupuna daxil olan ölkələr sırasında Azərbaycan, Türkiyə, Cənubi Koreya, Çexiya, Slovakiya və Rusiya da var. Ölkəmizin yer aldığı təsnifləşmə qrupuna daxil olan ölkələrə dair “AXA” Sığorta Qrupunun növbəti illər üçün müəyyən etdiyi strategiya “Azaldılma və səmərələşdirilmə” kimi müəyyən edilib. Bunun səbəbi sadalanan ölkələrdə “AXA” Sığorta Qrupunun biznes əməliyyatlarının kiçik və gəlirlik baxımından cəlbedici olmaması ilə izah edilir.
Yəni, başqa sözlə desək, Azərbaycan bazarı da “AXA” üçün cəlbedici olmadığından şirkət getmək qərarı verib.
Sığorta bazarının tam milliləşməsinə isə Palatanın mövqeyi belədir: “Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi və bu payın hesablanması qaydaları tənzimlənir və bu sahədə xarici investorların sektorda fəaliyyət göstərmələrinə hər hansı əngəl mövcud deyil”.
Bugün Azərbaycanın sığorta bazarına xarici investorların marağı varmı? Palatadan FED .az-ın sorğusuna cavab olaraq, bildirilib ki, bununla bağlı hazırda Palataya xarici sığorta şirkətlərindən müraciət daxil olmayıb.