Sığorta

Günay Sığorta: “Avtomobilinizi uşaqlarınız üçün - TƏHLÜKƏSİZ EDİN”

Günay Sığorta: “Avtomobilinizi uşaqlarınız üçün - TƏHLÜKƏSİZ EDİN” | FED.az
12:22 10 Fev 2020

7 yanvar 2020-ci il tarixində Günay Sığorta, Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” adlı məktəblərarası yarış keçirmişdir.

FED.az xəbər verir ki, yarışın əsas məqsədi yol hərəkəti qaydaları, təhlükəsizlik kəməri və uşaq avto-oturacaqları mövzusunda uşaqların bilik və bacarıqlarını qiymətləndirmək və onlara yeni biliklər aşılamaq idi.

Yarışma üç mərhələdə təşkil olunmuşdur. I mərhələdə komandalar yol qaydaları, uşaq avto-oturacaqları və təhlükəsizlik kəməri ilə bağlı sualları cavablandırmış və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. II mərhələdə uşaqların yaradıcılıq qabiliyyətlərini yoxlamaq üçün komandalara yol nişanı, təhlükəsizlik kəməri və uşaq avto-oturacağı ilə bağlı rəsm çəkmək tapşırılmışdır. Burada əsas məqsəd onların mövzunu başa düşməsi və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətini vurğulaması idi. Sonuncu mərhələdə isə məktəblilər yol nişanları və uşaq avto-oturacağı əks olunmuş şəkillərin “puzzle”-larını yığmışdı.

Yarışın qalibləri Günay Sığorta, AMAK, Baş Dövlət Yol Polisi İdarəsi, UNICEF Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan hədiyyələrlə və sertifikatla mükafatlandırılmışdır.

Yarışdan sonra iştirakçı valideynlər arasında müsabiqə keçirilmiş və qalib uşaq avto-oturacağı ilə mükafatlandırılmışdır. Münsiflər heyətinin üzvləri uşaqları, həmçinin də valideynləri təhlükəsizlik kəmərlərinin və uşaq avto-oturacaqlarının əhəmiyyəti barədə maarifləndirmə müzakirələri aparmış və onların insan həyatını necə xilas etdiyi barədə həm beynəlxalq, həm də öz təcrübələrini bölüşmüşlər.

Digər xəbərlər

Banner