Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Atəşgah Sığorta” şirkətinin yığımlarında kəskin azalma ilə yanaşı bazar payı və bazardakıl mövqeyi də zifləməyə başlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 7 ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar-iyul ayları ərzində 13,821 mln. manat sığorta toplayıb. Halbu ki, 2019-cu ilin yanvar-iyul aylarında şirkətin satışdan əldə etdiyi yığmların həcmi 23,029 mln. manat təşkil etmişdi. Nəticə etibarı ilə illik müqayisədə şirkətin yığımlarında kəskin azalma baş verib. Belə ki, analoji dövrlə müqayisə etsək, şirkətin yığımlarında 9,208 mln. manat və ya 40,0% azalma olub. Bu da sığorta şirkəti üçün ciddi bir siqnal deməkdi.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də azalma qeydə alınıb. Belə ki, “Atəşgah sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 2,776 mln. manat və ya 30% azalaraq 9,129 mln. manat təşkil edib.
Bununla yanaşı, “Atəşgah sığorta” şirkəti yığımların həcmi üzrə sığorta şirkətləri sıralamasındakı mövqeyini də itirir. Belə ki, 2019-cu ilin yanvar-iyul ayları üzrə yığımlara dair cəvdəldə şirkət ilk beşlikdə qərarlaşmışdırsa, bu ilin 7 ayında şirkət 9-cu pillədə yer almışdır.