Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu əmək şəraitini daha da yaxşılaşdırmaq məqsədilə iş saatını qısaldır.
Eləcə də bax: Azərbaycanda “Yaşıl Kart” üzrə iri həcmli - ÖDƏNİŞ
FED.az xəbər verir ki, “Atəşgah” Sığorta Qrupu əmək şəraitini daha da yaxşılaşdırmaq məqsədilə iş saatını otuz dəqiqə qısaltmaqla gündəlik normal iş vaxtını 7,5 saata endirmək haqqında qərar qəbul etmişdir. 01 oktyabr tarixindən etibarən iş vaxtı 09:00-da başlanır, 17:30-da bitir, 13:00-dan 14:00-dək nahar fasiləsi nəzərdə tutulur. Bu qərarla əməkdaşların iş rejimində qısalma olsada, “Müştəri xidmətləri” və “Çağrı mərkəzləri” üçün hazırlanmış xüsusi iş qrafiki sayəsində, müştərilərə 7/24 xidməti göstərməkdə davam edilir.
Qeyd etmək lazımdır ki, iş saatının qısaldılması barədə qərar şirkətdaxili biznes proseslərin İSO keyfiyyətinin idarə edilməsi standartlarına uyğunlaşdırılmasına və əksər proseslərin avtomatlaşdırılmasına arxalanaraq, habelə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na əsaslanaraq qəbul etmişdir.
Bu qərar qayğıkeş, nümunəvi işəgötürən prinsiplərinə sadiq qalaraq, 2012-ci ildən etibarən əməkdaşlara münasibətdə davamlı stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsi olaraq verilmişdir. Belə ki, işçilərin asudə vaxtının daha səmərəli keçirilməsi, nəticədə sağlam - enerjili iş və yaşam tərzinin bərqərar olması məqsədilə nahar fasiləsi zamanı, habelə iş vaxtı başlananadək və iş vaxtı bitdikdən sonra işçilər üçün mütəmadi olaraq yoqa dərsləri təşkil edilir. Qrupun yerləşdiyi binada müasir tələblərə cavab verən idman zalı işçilərin istifadəsinə verilərək onların müxtəlif alpinizm dərnəklərində və marafonlarda iştirak etmələrinə şərait yaradılır. Şirkətin əməkdaşları həmçinin dünyagörüşü, bilik və savadlarını artırmaq üçün xüsusi yaradılmış kitabxanadan və videotekadan da istifadə hüququna malikdirlər.
Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.